Qurbanəliyeva Sevda Firudin qızı

Sevda QurbanaliyevaSevda Qurbanaliyeva

Qurbanəliyeva Sevda Firudin qızı

Sənətşünaslıq doktoru, professor, Gəncə Dövlət Universitetinin  “Musiqi fənləri” kafedrasının müdiri, AMEA-nın Gəncə Bölməsinin “Sənətşünaslıq” şöbəsinin müdiri, Azərbaycan Bəstəkarlar İttifa­qının üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Disser­ta­sıya Şurasının üzvü, Gəncə şəhər Kəpəz Bələdiyyəsində “Yerli sosial məsələ­lər” komissiyasının sədri.

Qurbanəliyeva Sevda Firuddin qızı 1960-cı ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur.

1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirmişdir. “Musiqi sənəti” ixtisası üzrə 1989-cu ildə namizədlik, 1995-ci ildə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir. 1996-cı ildə Azərbay­can Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilmişdir.

1984-1990-cı illərdə Gəncə şəhəri Q.Hüseynli adına musiqi texnikumunda müəllim işləmiş, ictimai əsaslarla Musiqi Texnikumunda gənclər təşkilatına rəhbərlik etmişdir.

1984-cü ildən hal-hazıradək Gəncə Dövlət Universitetində (H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu) işləyir: 1984-1990-cı illərdə saat hesabı üzrə, 1990-cı ildən ştat üzrə müəllim, 1991-ci ildə dosent, onun təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılımış “Musiqi fənləri” kafedrasının müdiri, 1996-cı ildə professor vəzifələrinə seçilmiş və hal-hazırda həmin kafedraya uğurla rəhbərlik edir, “Pedaqoji” fakültənin və Universitet Elmi Şuralarının üzvüdür. Gəncə Dövlət Universitetində onun təşəbbüsü ilə yaradılmış tələbə musiqi kollektivlərinə ictimai əsaslarla rəhbərlik edir. GDU-nun “Himni”nin  musiqisini yazmışdır.

2002-ci ildən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının, 2010-cu ildən Bakı Musiqi Akademiyası nəzdində ya­ra­dılmış Dissertasiya Şura­sının üzvüdür.

2011-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində “Sənətşünaslıq” şöbəsinə rəhbərlik edir.

1999, 2004, 2009-cu illərdə Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsinə üzv se­çi­l­mişdir, topladığı səs çoxluğuna görə 19 yerdən 1999-cu ildə 6-cı, 2004-cü ildə 4-cü, 2009-cu ildə 2-ci yeri tutmuşdur. Bələdiyyədə “Yerli sosial məsələlər” daimi komis­siyasının sədri kimi fəaliyyət göstərmiş, idman, mədəniyyət, təhsil, sosial yönümlü layihələri həyata keçirmişdir.

Azərbaycan və rus dillərində dərc olunmuş 60-dan çox elmi əsərlərin,o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin,  metodiki tövsiyyələrin və  tədris proqramlarının müəllifidir. 1984-cü ildən Respublika, Beynəlxalq elmi konfrans və seminarlarda, dövrü mətbuatda çıxış edir. 1991-ci ildən Gəncədə bir sıra elmi-praktik konfranslar və seminarların təşkilatçısı olmuşdur. (“Nizami Gəncəvi və Azərbaycan musiqi mədə­niyyəti”, “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti”, “Musiqi tərbiyə­sinin müasir prob­lemləri”, “Milli musiqimiz – milli sərvətimizdir”, “Qadın və təhsil”, “Azərbaycan muğamı” və s.). 18-20 mart 2009-cu il tarixdə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda ilk dəfə keçirilən “Muğam aləmi” Beynəlxalq Elmi Simpoziumunda “Nizami Gəncəvi yaradıcılığında şifahi ənənəyə əsaslanan pro­fessional musiqinin nəzəri problemləri” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Elmi axtarış­larında Azərbaycan musiqisinin nəzəri-estetik xüsu­­­siy­yətləri, tərbiyəvi əhəmiyyəti, ədəbiyyatla musi­qinin qarşılıqlı əlaqələri, musi­qinin tədrisi metodikası kimi problemləri, Nizami Gəncəvinin, Mirzə Şəfi Vazehin, Fikrət Əmirovun, Qəmbər Hüseynlinin yara­dıcılıq irsini musiqişünaslıq elmi baxımından tədqiq edir, əldə etdiyi elmi nəticə­lərin tətbiqinə nail olur. (“Низами Гянджеви и мир музыки Фикрета Амирова”. Баку, 2003; “Qəmbər Hüseynli yaradıcılığı milli ənənələr kontek­s­tin­də”. Bakı, 2006; “Музыкальный мир Низами Гянджеви”. Киев, 2009 və s.). “Музыка” ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik (Bakı, 2007), “Musiqinin elementar nəzəriyyəsinə dair dərs vəsaiti” (Bakı, 2007), “Musiqi savadına dair praktik tapşırıqlar” (Bakı, 2011),  “Şəx­siy­­yət və musiqi” (Bakı, 2010) və s. kitabları tədris prosesində geniş istifadə olunur.

2011-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illik yubiley təntənələrinə hazırlıqla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı cənab Elmar Vəliyevin Sərəncamı ilə yaradılan komissiyanın üzvü kimi bir sıra layihələri uğurla həyata keçirmişdir.

Yeni Azərbaycan Partiyasının, Azərbaycan Qadınlarının, Azərbaycan Müəllimlərinin Qurultaylarında iştirak etmiş, Qurultay qərarlarının ictimaiyyət arasında geniş yayılmasını təmin etmişdir.

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1999-cu ildəYAP Gəncə şəhər Təşkilatının, 2007-ci ildə Gəncə Dövlət Univer­sitetində YAP Qadınlar Şurasının sədri, İdarə Heyətinin üzv seçilmişdir.

2005-ci ildə ABŞ-ın Project Harmony təşkilatı tərəfindən həyata keçirilən “Azərbaycan qadınlarının liderlik proqramı”nı müvəffəqiyyətlə başa vuraraq “Lider qadın” sertifikatını almış, “Qadınlar və demokratik cəmiyyət” və s. bu kimi mövzu­larda qadınların və gənc qızların ictimai fəallığa cəlb olunmasına xidmət edən konfrans və seminar­lar təşkil etmişdir. 2005-ci ildə Azərbaycan Qadınlarının Milli Konfede­rasiyasının Gəncə şəhər Təşkilatının İdarə Heyətinə üzv seçil­mişdir.

Prezident və Parlament seçkilərində xüsusi fəallığı ilə seçilmişdir.  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 aprel 2009-cu il tarixli 242 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə  təltif olunmuşdur.